“Sabahın
alimləri” müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin
iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 204 şagird 106
elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv
layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif
bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.
Açılış
mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin
müavini İntiqam Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi
direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq
Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana
Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin digər dövlət qurumlarının
nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət
təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil
müəssisələrinin rəhbərləri qatılıblar.
Mərasimdə
çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, “Sabahın
alimləri” IV Respublika müsabiqəsinin Azərbaycan gəncliyinin və
təhsilinin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli lider
Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil.
Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual
potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti
cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Nazir
“Sabahın alimləri” IV Respublika müsabiqəsinin keçirilməsinin əsas
məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və
tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib.
Təhsil naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə
müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək
edəcəyini nəzərə çatdırıb.
AMEA-nın
prezidenti Akif Əlizadə təcrübəli alimlərin gənc alimlərlə
əməkdaşlığının elmin inkişafına əlavə töhfə olacağına əminliyini
vurğulayıb. Akademiyanın institutlarının müasir avadanlıqlarla təmin
olunduğunu qeyd edən Akif Əlizadə gənc alimlərə tədqiqat işlərində kömək
etməyə hazır olduqlarını deyib.
Mərasimdə
çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev
şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun
bütövlükdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun
fikrincə, bu müsabiqəni gələcək alimlərin ilk addımı kimi dəyərləndimək
olar.
Heydər
Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxışında
Azərbaycan elminə gənc nəslin gəlişinin vacibliyini vurğulayaraq, bu cür
müsabiqələrin məktəblilərin elmə marağının artırılması, onların
istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından
gərəkli olduğunu qeyd edib. A.Kərimli “Sabahın alimləri” müsabiqəsi
qaliblərinin bu ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək İntel
ISEF sərgisində ölkəmizi uğurla təmsil edəcəklərinə inandığını deyib.
Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Şaiq Əsgərov təhsil infrastrukturunun müasir tələblərə uyğun
qurulmasının, təhsilin məzmununun yeniləşdirilməsinin, təhsil
müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin
edilməsinin və çoxsaylı digər layihələrin, tədbirlərin sabahın
alimlərinin yetişməsi üçün etibarlı zəmin yaratdığını deyib.
İntel
korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva Beynəlxalq
Elm və Mühəndislik Sərgisinin şagirdlərin elmə və yeni biliklərə
marağının artmasındakı rolunu qeyd edərək, müsabiqə iştirakçılarına
müvəffəqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar layihələrin nümayiş olunduğu stendlərlə tanış olublar.
Müsabiqə
üç gün davam edəcək. Sonuncu gün “Açıq qapı” saatları keçiriləcək,
şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış
olmaq imkanı yaradılacaq.
“Sabahın alimləri” IV Respublika müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olunacaq.
Комментариев нет:
Отправить комментарий