ÜMUMİLLİ LİDER
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan
şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan
müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri
vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında
işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində
çalışan Heydər Əliyev 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti
yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər
yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki
Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin
rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ və
Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və 5 il SSRİ Ali Soveti
İttifaq Sovetinin sədr müavini vəzifəsində çalışmışdır.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu
vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını
tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli
vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti
olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl
Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali
Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti
sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın
sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi
ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin
itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin
hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı
rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın
11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin
76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində
namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev
səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən
imtina etmişdir.
2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev
Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara
layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru
seçilmişdir.
Heydər Əliyev beş dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu
medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını
almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif
olunmuşdur.
27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.
13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.
20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı
verilmişdir.
3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya
Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri
Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına
mükafata layiq görülmüşdür.
10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey
Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.