воскресенье, 29 января 2017 г.

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Çoxları elə zənn edir ki, gözəl nitq qabiliyyəti və sərrast diksiya yalnız aparıcılara və ya ictimaiyyət qarşısında çıxış etməli olan digər insanlara lazımdır. Lakin heç bir işi olmayan, vaxtını daha çox evdə keçirən evdar xanımların da səlis danışıq qabiliyyətinə yiyələnməsi vacibdir. Şagirdlərin orta məktəbdə oxuduqları zaman düzgün nitq qabiliyyətini mənimsəmələrində müəllimlə bərabər valideyn də önəmli rol oynayır. Məlumdur ki, şagirdlərin yazı və nitq qabiliyyətlərinin aşkarlanması üçün son zamanlarda orta məktəblərin buraxılış imtahanlarında bir sıra dəyişikliklər edildi. Məhz yeni qaydalara əsasən 9-cu siniflərin buraxılış imtahanı iki mərhələdə həyata keçiriləcək. Tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə isə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib.
 
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyir ki, dəyişikliklərdə olan əsas məqam şagirdlərin bacarıqları ilə bağlıdır:
 
"Əgər biz 25 il imtahanlarda şifahi nitqi ölçməmişiksə, bu gün bizim insanların normal nitqdə danışa bilməməsi təəccüb doğurmamalıdır. Və ya biz 25 il yazı bacarıqlarını ölçməmişiksə, bizdə təəccüb yaranmamalıdır ki, niyə məzun yaza bilmir. Çünki yaxşı yazmaq abituriyentin universitetə qəbul olunması ilə nəticələnmir”.
 
"Məncə, biz bu məsələni baza olaraq anlamalıyıq və arqumentlərimizi də bunun üzərində qurmalıyıq. Ona görə də, şagirdlərdə hansı bacarıqların formalaşması və ölçülməsi bizim üçün məsələnin ən əsas məqamıdır” – deyə o bildirib.
 
Respublikanın Əməkdar müəllimi Almaz Həsrət şagirdlərin danışıq qabiliyyəti və onların fikirlərini ifadə etmələri ilə bağlı "Şərq”ə açıqlama verib. Əməkdar müəllimin sözlərinə görə, şagirdlərin nitqində olan çatışmazlıqları aradan qaldırmaq üçün mütaliə əsas vasitədir:
 
"Həqiqətən də bizim məktəbdə təhsil alan şagirdlərimiz bəzən mütaliə ilə məşğul olmadıqları üçün öz fikirlərini sərbəst cümlələrlə ifadə edə bilmirlər. Çünki orta məktəblərin bəzilərində keçid dövrü baş verir. Bu dövrdə müəllimlərin yeni təlim proqramlarına, yəni kurrikulumların mənimsənilməsinə başları qarışdığından və mütəmadi kurslara getdiklərindən, daha çox öz üzərlərində çalışmalarından irəli gələrək tədrisdə zəiflik müşahidə olundu. Əsas səbəblərdən biri də müəllimlərin şagirdlərə ev tapşırıqlarında, dərsin düzgün mənimsənilməsi ilə bağlı olan müəyyən ləvazimat və alətlərdən istifadə etmə qaydalarını öyrətmədiklərindən bizim şagirdlərin mənimsəmələrində müəyyən boşluqlar yarandı. Boşluqların aradan qaldırılması üçün Emin müəllimin fikirlərini təqdirəlayiq hesab edirəm. Bunun qarşısını almağın bir neçə yolu var. Biz də məktəbdə təhsil almışıq və bizə daim əlavə olaraq ədəbiyyatın oxunmasını tapşırıblar. İndi isə daha gözəl imkanlar yaranıb. Əgər mən müəyyən ədəbi kitabı əldə etmək istəyirəmsə, onların elektron versiyası da var. Şagirdlərimiz elektron avadanlıqlara bağlanıbsa, bu avadanlıqlarda onların dil, danışıq, ünsiyyət qabiliyyətlərinin formalaşdırılması üçün mütaliənin yeni formasından – elektron formada olan bədii kitablardan istifadə edə bilərlər. Bu zaman onların söz ehtiyatı arta və fikirlərini sərbəst ifadə edə bilərlər”.

пятница, 20 января 2017 г.

20 Yanvar Qan yaddaşımız

                                                           Qanlı 20 yanvar
Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet ittifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan  rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ  Konstitusiyası,  Azərbaycan  Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan  xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır Mənbəə:.https://az.wikipedia.org/wiki/Qara_Yanvar