пятница, 28 августа 2015 г.

Təhsil Nazirliyində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər başlayıb.

Layihənin icraçıları üçün təşkil olunan təlimlər alman mütəxəssisləri tərəfindən keçirilir.
Layihə Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılır. Layihə ilə bağlı beynəlxalq məsləhətçi xidməti BMT-nin Uşaq Fondu UNİCEF tərəfindən təmin olunur.
“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi ilk olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək

суббота, 8 августа 2015 г.

1892 müəllim işə qəbul olundu

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri (345 yer), Cəlilabad rayonu (83 yer), Lerik rayonu (71 yer) üzrə olub. Vakansiyalar daha çox ibtidai sinif (335 yer), coğrafiya (206 yer) və kimya (156 yer) müəllimliyi üzrə tutulub.
İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

среда, 5 августа 2015 г.

“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə təlimlər başlanılacaq

“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə avqust ayının 20-dən başlayaraq bütün müəllimlər üçün təlimlərə başlanılacaq.

Təlimlər pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətə başlayan “Təhsildə İnnovativ Texnologiyalar” (ITE) əlavə təhsil mərkəzi tərəfindən təşkil edilir. İTE-dən təlimin məqsədi haqda da məlumat verilib.

 Belə ki, iştirakçılar təlim zamanı “promethean” interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün “promethean” lövhədən praktik istifadə etmə bacarıqları əldə etmək, “promethean” interaktiv lövhənin “ActivInspire” proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə etmək bacarıqlarına yiyələnəcəklər.

Ödənişli nəzərdə tutulan təlimlərin  müddəti hər gün 4 saat olmaqla 5 gün nəzərdə tutulur.

 Mənbəə: http://ictnews.az/read-38057-news-1.html

“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminar keçirilib

Bakı, CASCFEN, 05.08.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını İsmayıllıda keçirib. İsmayıllıdakı Heydər Əliyev Mərkəzində baş tutmuş seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Tədbirdə 24 nəfər iştirak edib.
İsmayıllı rayon təhsil şöbəsinin təmsilçisi Ramiz Baloğlanov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanda ifadə azadlığı mədəniyyətinin genişləndirilməsi üçün atılan addımları yüksək dəyərləndirib. O, dövlətin gördüyü işləri ayrıca vurğulayaraq qeyd edib ki, son illər ərzində bu yöndə ciddi işlər görülməkdədir.
Daha sonra CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüf olmadığını deyib.
“Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, sizin rayonun müəllimləri istər rayon səviyyəsində, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik”, – deyə Azər Həsrət bildirib.
Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki, İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb. Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Əkbər Qoşalı İsmayıllıdakı inkişafın da nəzərdən qaçmadığını vurğulayıb.
Rayon icra hakimiyyətinin əməkdaşı Gülər Baxışova da qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki, İsmayıllıda QHT-lərin fəaliyyətinə, vətəndaş maarifləndirməsinə böyük önəm verilir.
“Bizim elə bu Mərkəzdə tez-tez bənzər tədbirlər təşkil edilir. O baxımdan sizin də belə bir seminar keçirmənizi alqışlayırıq”, – deyə Gülər xanım bildirib.
Bundan sonra işinə başlayan seminarda ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.
Ekspert Əkbər Qoşalı isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb.
Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib və seminar başa çatıb.
Anonim sorğu zamanı iştirakçılardan 17-si seminarı əla, 6-sı isə yaxşı qiymətləndirib.
Sonda sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.
Seminardan bütün 
CASCFEN Mətbuat Xidməti

суббота, 1 августа 2015 г.

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür. //Trend