среда, 18 февраля 2015 г.

“İKT ilə çalışan hər bir müəllim dərsin elektron üsullarını mövzuya tətbiq etməyi bacarmalıdır”

Vəfa Hüseynova: “Ağıllı lövhə”dən istifadə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərketmə qabiliyyətini daha da artırır”
Layihə çərçivəsində müsahibimiz Eldar Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb-liseyin müəlliməsi Vəfa Hüseynovadır. O, müsahibəsinə çalışdığı məktəb haqqında məlumat verməklə başladı: 

-Tədris ocağı 1972-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 33 sinifdə 682 şagird təhsil alır. Onların tərbiyəsi ilə 106 müəllim məşğul olur. Məktəb 2007-ci ildə Dünya Bankının ayırdığı kredit hesabına əsaslı təmir edilib. Məktəbin ilk direktoru, biologiya müəllimi Ramazanov Hacalı Mahmud oğlu, rus dili müəllimi Qəniyev Cavid Cəbi oğlu, riyaziyyat müəllimi Həsənov Saleh Qarakişi oğlu Əməkdar müəllim fəxri adına layiq görülüblər. Məktəb 2009-cu ildə Prezidentin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi elan edilib. Azərbaycan dili və ədəbiyyatı müəllimi Muradlı Çingiz Məzahir oğlu və ingilis dili müəllimi Əhmədova Humay Əlövsət qızı 2009- cu ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar. Müəllimlərdən Dəmir Aydınov , Rasim Yusifov, Oktay Əliyev Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüblər. İbtidai sinif müəllimi Almaz İsmayılovaya Təhsil Nazirliyi tərəfindən təşəkkür edilib. 2006-cı ildən indiyədək məktəbin direktoru Əhmədağa Ələkbərovdur. Məktəbin direktoruna Təhsil Nazirliyi kollegiyasının qərarı ilə şəxsi işinə yazılmaqla təşəkkür elan edilib. Məktəbdə kurikulum islahatları, fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təcrübələrin toplanması və öyrənilməsi üzrə “Kurikulum Mərkəzi” yaradılıb. Mərkəz lazımi avadanlıqlarla təchiz edilib. Məktəbdə “Tarix-Diyarşünaslıq” muzeyi fəaliyyət göstərir. Muzeydə e.ə II-I minilliyə aid arxeoloji qazıntı nümunələri, qədim Basqal və Lahıc kəndlərindən gətirilmiş sənətkarlıq nümunələri, qədim və müasir dövrə aid pullar və digər tarixi eksponatlar toplanıb. Məktəb “Dayaq məntəqə mərkəzi” kimi fəaliyyət göstərir. Yaxınlıqda yerləşən 8 məktəbin müəllimləri yaradılmış “Dayaq məntəqə mərkəzində” toplanmış metodiki vəsaitlər, qabaqcıl təcrübəni əks etdirən dərs nümunələrinin video yazılarından yararlanaraq qabaqcıl təcrübəni öyrənirlər. Məktəbin 9 nəfər Qarabağ müharibəsində şəhid olmuş məzununa abidə, məktəbin adını daşıdığı kapitan Eldar Məmmədova isə büstü qoyulub. Məktəbdə böyük idman zalı, iclas zalı, 3 informatika kabineti, “Təhsil resurs mərkəzi”, kitabxana, bufet, 2 laboratoriya fəaliyyət göstərir. Təhsil Nazirliyinin 26 avqust 2014-cü il tarixli, 930 saylı əmri ilə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin bazasında məktəb-lisey yaradılıb. 2013-2014-cü ilin məzunlarından 19 nəfəri yüksək balla ali məktəblərə qəbul olublar.
- Müəllimlərin innovativ hazırlığını necə qiymətləndirirsiniz?
- İnformasiyanın dünyamızda daha da mühüm yer tutması bütün sahələrdə olduğu kimi, təhsildə pedaqoqların innovativliyini və yaradıcı biliklərinin üzə çıxmasında mühüm rol oynayır. Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə təminatı Proqramı (2005-2007 illər)” respublikamızda bu prosesin geniş şəkildə vüsət almasına səbəb oldu. Ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. İKT-nin dərsə tətbiqi şagirdlərin dərsə marağını daha da artırır, şagirdlərin psixi fəalliyyətini gücləndirir, dərsə motivasiyanın qurulmasına kömək olur, tədrisin keyfiyyətini xeyli artırır. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olur. "Ağıllı lövhə”, həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilirlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərketmə qabiliyyətini daha da artırır. İKT ilə çalışan hər bir müəllim dərsin elektron üsullarını mövzuya tətbiq etməyi bacarmalıdır.
- "Elektron məktəb üçün elektron müəllim" adlı kursda iştirak müəllimlərə nə verir?
- Təhsil Problemləri İnstitutunda təşkil edilən "Elektron məktəb üçün elektron müəllim" kursu müəllimlərin peşə hazırlığının artırılması, müasir İKT biliklərinə yiyələnməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilən kursda auditoriya şəraitində həmkarlarımla birgə iştirak edib, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində kursu davam etdirdim. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlər üçün kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif veb texnologiyalardan istifadə etmə kimi təlim formatından istifadə olunur. Kursda "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. mövzular əhatə olunur. Məlumat üçün bildirək ki, sözügedən kurslarda müəllimlərin elektron dərs, elektron resursların müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Bu təlimin bizə verdiyi nailiyyətləri sadalamaqla bitməz. ”Learning apss” interaktiv tapşırıqların qurulması bütün siniflə işləmək, müxtəlif krossvordlarda sualları tərtib etməklə hər bir şagirdin biliyini qiymətləndirmək imkanı yaradır. Lakin məktəblərdə hələ də ”ağıllı lövhə”, yəni ”Prometan lövhə”nin, proyektorun az olmasi elektron dərslərin keçirilməsində problemlər yaradır. Yaradıcı müəllimlərin açıq dərslərini elektron lövhələrdə keçməsi şagirdlərin istedadlarını üzə çıxarmağa şərait yaradır.
Anar Miriyev  http://palitranews.az/news.php?id=34220

пятница, 13 февраля 2015 г.

Fevralın 12-də Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

“Sabahın alimləri” müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.
 Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin digər dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri qatılıblar.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsinin Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Nazir “Sabahın alimləri” IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib. Təhsil naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcəyini nəzərə çatdırıb.
AMEA-nın prezidenti Akif Əlizadə təcrübəli alimlərin gənc alimlərlə əməkdaşlığının elmin inkişafına əlavə töhfə olacağına əminliyini vurğulayıb. Akademiyanın institutlarının müasir avadanlıqlarla təmin olunduğunu qeyd edən Akif Əlizadə gənc alimlərə tədqiqat işlərində kömək etməyə hazır olduqlarını deyib. 
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun bütövlükdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun fikrincə, bu müsabiqəni gələcək alimlərin ilk addımı kimi dəyərləndimək olar.
Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxışında Azərbaycan elminə gənc nəslin gəlişinin vacibliyini vurğulayaraq, bu cür müsabiqələrin məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından gərəkli olduğunu qeyd edib. A.Kərimli “Sabahın alimləri” müsabiqəsi qaliblərinin bu ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək İntel ISEF sərgisində ölkəmizi uğurla təmsil edəcəklərinə inandığını deyib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulmasının, təhsilin məzmununun yeniləşdirilməsinin, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinin və çoxsaylı digər layihələrin, tədbirlərin sabahın alimlərinin yetişməsi üçün etibarlı zəmin yaratdığını deyib.
İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva Beynəlxalq Elm və Mühəndislik Sərgisinin şagirdlərin elmə və yeni biliklərə marağının artmasındakı rolunu qeyd edərək, müsabiqə iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar layihələrin nümayiş olunduğu stendlərlə tanış olublar.
Müsabiqə üç gün davam edəcək. Sonuncu gün “Açıq qapı” saatları keçiriləcək, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılacaq.
“Sabahın alimləri” IV Respublika müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olunacaq.

четверг, 12 февраля 2015 г.

Bakıda I sinfə qəbul elektron formada aparılacaq

2015-2016-cı tədris illəri üçün Bakı şəhərində ümumtəhsil müəssisələrinə I sinif şagirdlərinin qəbulunun elektron formada aparılması nəzərdə tutulur. Lent.az-ın məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, hazırda bu istiqamətdə aparılan işlər tamamlanmaq üzrədir. Bu ay ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey, gimnaziya tipli müəssisələrə qəbul üzrə də ictimaiyyətə geniş açıqlama veriləcək.

Nazir müavini deyib ki, lisey, gimnaziya tipli bir sıra təhsil müəssisələri öz nizamnamələrinə uyğun olaraq, I sinfə qəbulu seçim edərək aparırlar: "Digər ümumi təhsil müəssisələri isə I sinfə qəbulu ümumi əsaslarla aparırlar. Qeydiyyatın forması və sənədlərin təqdim edilməsi elektron formada aparılacaq. Təhsil sistemi böyük olduğundan yeniliyi bütün ölkədə eyni vaxtda etmək mümkün olmur. Bakı şəhərində I sinfə qəbulun elektron formada aparılması pilot layihə kimi qəbul edilməlidir. Bu prosesin nəticəsində biz görəcəyik ki, hansı müsbət nəticələr əldə etdik. Ola bilsin ki, prosesin təkmilləşməsinə ehtiyac duyuldu. Bu sistemin tam özünü doğrultduğuna əmin olduqdan sonra Təhsil Nazirliyi bunun daha geniş tətbiqini həyata keçirəcək. Bu, bir günə baş tutan proses deyil. Paytaxtda keçirilən qəbulun nəticələri təhlil edildikdən sonra onun respublika üzrə tətbiq edilməsi barədə də qərar qəbul ediləcək"

mənbəə: http://news.lent.az/news/193129

среда, 11 февраля 2015 г.

Təhsil Nazirliyindən ibtidai sinif müəllimlərinə MÜRACİƏT



 Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir. Nazirlikdən verilən məlumata görə, müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
 
Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.

вторник, 10 февраля 2015 г.

Birinci sinifə qəbulda - YENİLİK

Azərbaycanın orta təhsil müəssislərində birinci siniflərə qəbul elektron formada aparılacaq
Trend xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqovçərşənbə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda sistemin sınağı keçirilir: "Yeni sistem valideynlərin orta təhsil müəssislərinə müraciətləri zamanı üzləşdikləri problemləri aradan qaldırmağa imkan verəcək".

Birinci siniflərə müraciətlərin elektron qəbulu sisteminin Bakı şəhərinin məktəblərində tətbiqi nəzərdə tutulur.
Mənbəə: http://www.atvxeber.az/news/social/14960-birinci-sinife-qebulda#.VNpZW_J6f71.facebook

“İfadəli oxu” dərs vəsaiti nəşr olunub

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Bilal Həsənli və pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadənin birgə yazdıqları “İfadəli oxu” dərs vəsaiti “Müəllim” nəşriyyatında çapdan çıxıb.
AMİ-dən AzərTAc-a bildiriblər ki, dərslik pedaqoji ali məktəblərin filologiya və ibtidai təhsilin pedaqogikası və metodikası fakültələri üçün nəzərdə tutulub. Dərs vəsaitində ifadəli oxudan praktikumun təşkili üzrə işin sistemi şərh edilib. Müəlliflər elmi-metodik ədəbiyyata, eləcə də
ifadəli oxu üzrə məşğələlərin təşkili sahəsində qazanılmış təcrübəyə istinad etməklə ifadəli
 oxunun nəzəri və praktik məsələlərini tədqiq edib, praktikumun səmərəli təşkili baxımından əhəmiyyətli olan məsələlərə, ifadəli oxu ilə bağlı mövcud problemlərə aydınlıq gətiriblər.
Kitabda gələcək müəllimlərin kurikulum üzrə ədəbiyyat dərslərində şagirdlərdə ifadəli oxu
bacarıqlarının formalaşdırılması metodikasına yiyələnməsinə xüsusi diqqət yetirilib.

http://azertag.az/xeber/Ifadeli_oxu_ders_vesaiti_nesr_olunub-830361#.VNea0ZbXDQN.facebook

Dilimizə yeni sözlər əlavə edildi - SİYAHI




Dilimizə yeni sözlər əlavə edildi - SİYAHI

     Azərbaycan dilinə daxil ediləcək  yeni sözlərin lüğəti hazırlanır. Nazirlər Kabineti yanında Terminologiya   Komissiyasının  sədr  müavini Sayalı Sadıqova  deyib ki, artıq mütəxəssislər tərəfindən 1271 yeni söz müəyyənləşdirilib: "Yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində aparılan  işlər hazırda da davam etdirilir. Yeni sözlər arasında informasiya texnologiyaları sahəsinə aid olan sözlər çoxluq təşkil edir. Yeni sözlər “Veboman”, “Verilənlər bazası”, “Vestübel”, “Vibrasiya ilə sıxlaşdırma”, “Vibrasiya söndürən”, “Vizual nəzarət”, “Kidneppinq”, “Kleym” və s-dir. Burada bu sözlərin hər biri anlayışı bildirir. Yeni sözlərin bəziləri dilimizdə tamam başqa mənalarda işlədilir. Burada isə bu sözlər yeni anlayışda təqdim edilir. Məsələn, “veboman” sözü internet konfransları və çatların iştirakçısı, internet nəşrlərinin müəllifi mənalarında təqdim edilir".

S.Sadıqova bildirib ki, bu sözlər indiyədək nə Azərbaycan dilinin orfoqrafiya, nə də izahlı lüğətlərinə daxil edilməyib. Yeni sözlərin müəyyənləşdirilməsi başa çatdıqdan sonra onların gələcəkdə hazırlanacaq orfoqrafiya lüğətlərinə daxil edilməsi planlaşdırılır.

Yeni sözlərin bəzilərini mənaları ilə birgə təqdim edirik:

KEMPİNQ – 1) avtoturistlər üçün xüsusi yay düşərgəsi. 2) əsasən, şəhərlərarası yol üstündə yerləşən, gecələmək üçün şəraiti olan yığcam, birmərtəbəli taxta və ya daş ev, kiçik hotel.

KİBERCİNAYƏTKARLIQ - kompüter sistemlərinin və şəbəkələrinin köməyi ilə, yaxud kompüter sistemlərinə və şəbəkələrinə qarşı həyata keçirilən istənilən cinayət əməlidir. Başqa sözlə, virtual mühitdə həyata keçirilən istənilən cinayət növünü “kibercinayət” adlandırmaq olar.

KİDNEPPİNQ – Uşaq oğurluğu. Ümumiyyətlə, adam oğurluğu da bu sözlə ifadə olunur.

KİOSK – interaktiv informasiyanın avtonom mərkəzi (multimedia sistemlərində).

KLEYM – 1) alıcının ona satılmış malın keyfiyyətinin pis olduğuna görə satıcıya tələbi; 2) iddia, reklamasiya.

İSTERİKA – nevroz qrupundan xəstəlik; tutmalar, əsəbi gülüş, göz yaşları ilə müşayiət olunan psixi pozğunluq.

İZOBAT – xəritədə dəniz dibinin bərabər dərinliklərində nöqtələri birləşdirən xətt. Kontinental şelfin xarici hüdudunun müəyyənləşdirilməsinin distansiya meyarının növmüxtəlifliyi kimi tətbiq edilir.

İZOKVANTA – müəyyən edilmiş həcmdə məhsul istehsalını mümkün edən müxtəlif xərc kombinasiyalarını bildirən xətt.

JAVA – elektron hesablama maşınında (EHM-də) mövcud proqramlaşdırma dillərindən biri. Yeni, müasir dillərdən hesab olunur. Əksər kompüterlərdə işləyir. Bu dildə yazılan proqramların ölçüsü xeyli kiçik, lakin sürət aşağıdır. Odur ki, bu dildə yazılan proqramlar daha çox internetdə və mobil telefonlarda geniş yayılıb.

JİM – çıxış vəziyyətindən ayaq üstə, uzanaraq, çömbəlməklə bədənin hər hansı bir hissəsinin köməyi olmadan ştanqı sinəyə və ya çiyinlərə düz qollarla yuxarı qaldırma.

JÜLEN – fransız mətbəxinə aid olan yemək növü: pendirin altında bişirilmiş göbələklər. Həmçinin jülen toyuq ətindən və dəniz məhsullarından hazırlanır.

KALKULYASİYA – istehsal edilən məhsulun və ya xidmətin maya dəyərinin hesablanması; bu məqsədlə tələb olunan bütün xərclərin pul ilə ifadəsi.

KAMBİO – borc məktubu, veksel.

KAMBİST – veksel əməliyyatları və sikkə ticarəti ilə məşğul olan şəxs.

KANTE – Ağac şəkilli sintaktik təsvirdə tərəfləri birləşdirən xətlər.

KARDİOCƏRRAHİYYƏ - Ürək cərrahiyyəsi.


Mənbəə:http://www.faktxeber.com/dilimiz-yeni-szlr-lav-edildi---syahi_h455891.html